İran dövlət televiziyasının rəsmi saytı (İRİB) Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ ilə bağlı “Yaralı Cənubi Azərbaycanım” ifadəsini işlətdiyi üçün Azərbaycan parlamentinin üzvü Qənirə Paşayevanı qərəzli və təhrikedici sözlər yazmaqda ittiham edib.
APA-nın məlumatına görə, İRİB Q. Paşayevanın “facebook” səhifəsində zəlzələ ilə bağlı yazdığı fikirlərini yerləşdirərək, millət vəkilinin İranla düşmənçilik etdiyini yazıb: “Bu deputatın ölkəmizə qarşı şübhəli və təhlükəli mövqeyi İrana səfərindən öncə də məlum idi. Ekspertlər bu barədə xəbərdarlıq da etmişdilər. Lakin aydın deyil ki, İran Xarici İşlər Nazirliyi belə bir şəxsə ölkəmizə səfər etməsi üçün qısa müddət ərzində niyə viza verib?”
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərə dəstək məqsədilə Təbrizdə səfərdə olub və “facebook” səhifəsində fəlakətdən üzüldüyünü, zərərçəkənlərin yardıma ehtiyacı olduğunu bildirib.