"Gözəl ənənəyə çevrilən iftar süfrəsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir".
SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə yeni iqamətgahında açdığı iftar süfrəsində çıxışı zamanı deyib.
Dövlət başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və ölkəmizdə bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadıqlarını diqqətə çatdırıb. O, bəşəri dəyərlərə hörmətlə yanaşan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini vurğulayıb.