İran Prezidenti Mahmud Əhmədinejadın təbii fəlakətdən dərhal sonra Səudiyyə Ərəbistanına səfər etməsi ölkədə çaşqınlığa və narazılığa səbəb olub.
Bu barədə SalamNews-un Asriran-a istinadən verdiyi xəbərdə bildirilir.
Vurğulanır ki, Prezident Mahmud Əhmədinejad öz yaxın tərəfdarları Baqai, Maşai və bir sıra nazirlərlə birgə sammitin başlanmasına iki gün və bir gecə qalmış Səudiyyə Ərəbistanına yollanıblar. Şənbə günü ölkədə 306 nəfərin həlak olmasını, 4,5 min nəfərin xəsarət almasını və on minlərlə insanın evsiz qalmasını nəzərə alaraq bu addım təəccüb doğurur. Dünya təcrübəsində ölkədə fəlakət baş verəndə rəhbər başqa səfərdə olsa da, nəticələrin aradan qaldırılmasında iştirak etmək və həmrəylik göstərmək üçün, o, dərhal vətəninə qayıdır.
"Prezidentin Səudiyyə Ərəbistanı kralı Abdullanın dəvəti ilə vacib olmayan sammitdə iştirak etmək üçün öz öhdəliklərinə məsuliyyətsiz yanaşması narazılığa və təəccübə səbəb olub. İki həftə sonra Tehranda Qoşulmama Hərəkatı dövlət rəhbərlərinin XVI sammiti keçiriləcək. Diplomatik mənbələrin məlumatına əsasən, Səudiyyə Ərəbistanı kralı Abdulla sammitə dəvət olunsa da, Tehrana gəlmək niyyətində deyil.
Politoloqlar və ekspertlər İran prezidentinə kral Abdullanın dəvəti ilə Məkkəyə getməyi məsləhət görməyiblər, çünki rəsmi Əl-Riyad digər dövlətlərin başçılarını Tehrandakı sammitdə iştirak etməmək üçün dilə gətirməsi barədə məlumat yaranıb.
Beləliklə, İran Prezidenti Mahmud Əhmədinejadın Səudiyyə Ərəbistanına bu tələsik səfərinin səbəbinin nə olduğu bilinmir",- İran KİV yazır.