Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları tanımayacağı ilə bağlı rəsmi açıqlama yayıb
APA-nın məlumatına görə, sənəddə bildirilir ki, ABŞ Konqresi tərəfindən qəbul olunmuş və avqustun 11-də bu ölkənin prezidenti tərəfindən imzalanmış birtərəfli sanksiya qərarına uyğun olaraq rəsmi Moskva tərəfindən Tehrana qarşı heç bir məhdudlaşdırıcı tədbir görülməyəcək: “Rusiya yalnız BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək məcburiyyətindədir. ABŞ tərəfindən beynəlxalq hüquq normalarına zidd və özbaşına sanksiyaları tanımayacağımızı bir daha bəyan edirik. Çünki biz ABŞ-ın daxili qanunvericiliyinə uyğun olaraq atdığı bu addımı tamamilə qəbuledilməz və yolverilməz cəhd sayırıq”.
Açıqlamada qeyd olunur ki, İrana qarşı təzyiqlərin davamlı şəkildə artırılması və onunla ultimativ dillə danışılması bu ölkənin nüvə proqramı ətrafında yaranmış gərginliyi həll etmək üçün aparılan danışıqlar prosesinə zərbə vurur. Rusiya XİN ABŞ-a xəbərdarlıq etməyi də unutmayıb: “Əgər bu sanksiyalar Rusiya şirkətlərinə maddi zərər vursa, bu, Rusiya-ABŞ münasibətlərini köklü surətdə dəyişəcək”.