Bu gün M.F. Axundov adına Milli Kitabxanada Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində yerli alimlərin müəllifliyi ilə hazırlanmış “Qısa İslam Ensiklopediyası : İslama dair 1001 termin və xüsusi ad” adlı üç cildlik ensiklopediyanın 1-ci cildinin təqdimat mərasimi keçirilmişdir.
Bu gün M.F. Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənc-lər Forumunun (DƏ-İKGF) dəstəyi ilə, Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində yerli alimlərin müəllifliyi ilə hazırlanmış “Qısa İslam Ensiklopediyası : İslama dair 1001 termin və xüsusi ad” adlı üç cildlik ensiklopediyanın 1-ci cildinin təqdimat mərasimi keçirilmişdir.
Ensiklopediya İslam Konfransı Gənclər Forumunun sifarişi və dəstəyi ilə, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi tərəfrindən 2011-ci ildə işlənib hazırlanmış və bu il ilk cildi nəşr edilmişdir.
Adı çəkilən ensiklopediya digər ölkələrdə bu sahədə əvvəllər nəşr olunmuş mövcud ensiklopediyalardan tərcümə yolu ilə deyil, tam şəkildə yenidən işlənib hazırlanmış, Azərbaycan reallıqlarını, Azərbaycanda tarixən mövcud olmuş dini ənənələri nəzərə alaraq yazılmışdır.
Ensiklopediya ilkin olaraq 2 cilddə hazırlanmışdır. 1-ci cilddə yalnız İslama aid əsas terminlər əks olunmuş, 2-ci cildə isə ilk səhabələrin adları və İslam tarixinə aid bəzi digər xüsusi adlar daxil edilmişdir. İlkin iki cilddə 1001 termin və xüsusi ad əhatə olunmuşdur. Sonradan ensiklopediyaya 3-ci cild əlavə edilmişdir ki, burada İslam tarixində mövcud olmuş cərəyanlar, fikir məktəbləri, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimlər haqda məlumat verilir.
Kitab İslam haqda bütün ilkin məlumatları əhatə edərək daha çox geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, mütəxəssislər üçün də maraqlı olacaqdır.
Təqdimat mərasiminə rəsmi qonaqlar, millət vəkilləri, elmi ictimaiyyət nümayəndələri və dini icma rəhbərləri dəvət olunmuşdur.
Təqdimatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Elşad İskəndərov, Dialoq Və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (DƏ-İKGF, ARM) rəhbəri, islam.az saytının baş redaktoru Elçin Əsgərov, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov və tədbirin qonaqlarıçıxış etmişlər.
Layihənin ümumi rəhbəri olmuş Elçin Əsgərov ensiklopediyanı təqdim edərək, onun hazırlanmasında əməyi olan qurum və şəxslər, ensiklopediyanın yazılma zərurəti və əhəmiyyəti barədə məlumat vermişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında bu layihənin əhəmiyyətini qeyd etmiş, İslam haqda məlumatları əks etdirən ədəbiyyatın daha çox ölkə daxilində, yerli müəlliflər tərəfindən yazılma zərurətini vurğulamış, dini ictimaiyyəti xaricdə nəşr olunmuş ədəbiyyatın tərcüməsi ilə kifayətlənməmək, İslam haqda Azərbaycanda da yerli müəlliflər tərəfindən kitablar yazılmasına dəvət etmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov ensiklopediyanın ərsəyə gəlməsi və özəl xüsusiyyətlərindən bəhs etmişdir.