BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Kofi Annanın vəzifədən gedişi ilə regiondakı müstəqil ölkələrin vəziyyəti çətinləşəcək.
SalamNews-un IRNA-a istinadən verdiyi xəbərə görə, bu barədə Pekində İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib.
Onun sözlərinə görə, bundan sonra region ölkələri üçün Suriyadakı böhranı həll etmək daha çətin olacaq. Ramin Mehmanpərəst qeyd edib ki, İran daim regionda təhlükəsizliyin təmin olunması üçün səy göstərir.
“Hazırda Suriydakı vəziyyət xüsusi hal alıb. Suriyada sabitliyin və təhlükəsizliyin bərpa olunmasını istəməyən bir sıra dövlətlər bu ölkənin daxili işlərinə qarışırlar. Suriya hökuməti və xalqı onlara adekvat cavab verməli və daxili qarşıdurmaları sülh yolu ilə həll etməlidir. Kofi Annan Suriyaya silah daşınmasının dayandırılması və ölkədə terror aktlarının qarşısının alınması üçün səy göstərirdi. Annan böhranın həlli üzrə 6 aylıq proqramın reallaşdırılması üçün tədbirlər görürdü. Ancaq Qərb ölkələri onun missiyasına mane olmağa çalışırdılar. Yaxın Şərqdə sülh və təhlükəsizliyin hökm sürməsini istəyən bütün ölkələr güclərini birləşdirməlidir”, - Ramin Mehmanpərəst deyib.