Azərbaycana və Ermənistana səfərdən qayıdan Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone Azərbaycanı bütün dünya üçün dini tolerantlıq modeli adlandırıb. Kardinal Azərbaycanda böyük müsəlman icması ilə kiçik katolik və ortodoks icmalarının yanaşı fəaliyyət göstərdiklərini bildirib:
"Orada müsəlman icmasının kilsəyə və Papaya göstərdiyi ehtiram cox yüksək və tərəddüdsüzdür. Azərbaycanda qədim xristian yevangeliyasının izləri hörmətlə qorunub saxlanılır". Dövlət katibi bəyan edib ki, Azərbaycanda 400-ə yaxın katolik var və iki kilsə - Rus ortodoks və katolik kilsələri mövcuddur: "Bu ölkədə kommunist rejiminin dağıtdığı katolik kilsəsi prezident İlham Əliyevin göstərişi və şeyxülislamın məsləhəti ilə yenidən qurulub. Bu, o deməkdir ki, ölkədə həqiqətən dinc yanaşı yaşama və din azadlığı var. Bu, özünü siyasi sferada da göstərir". T. Bertone deyib ki, hər kiçik dinin azad fəaliyyət göstərdiyi ölkədə daim əmin-amanlıq mövcud olacaq.