PKK mühasirəyə düşmüş 200 terrorçuya kömək etmək üçün İran istiqamətində 500 nəfərlik qrup cəmləşdirib
Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları təhlükəsizlik qüvvələri tərəfindən sıxışdırılan terrorçu qruplara köməyə getmək üçün Hakkari yaxınlığında 500 terrorçunun cəmləşdirdiyini qeydə alıb. Bu barədə APA Türkiyə mediasına istinadən məlumat verib.
Mühasirəyə alınmış 200-dən artıq PKK terrorçusunun Şəmdinlini ələ keçirmək planı Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən iflasa uğradılıb. «Star» qəzetinin xəbərinə görə, Şəmdinli şəhər mərkəzinə bir neçə kilometr uzaqlıqda döyüşlər davam edir, PKK isə İranla sərhəddəki Şəhidan bölgəsinə qüvvə cəmləşdirməyə başlayıb. Pilotsuz təyyarələrlə əldə olunmuş görüntülərdə bölgəyə təxminən 500 nəfərlik qrupun gətirildiyi görünür.
PKK-nın Şəmdinli və Çuxurca istiqamətindən şəhər mərkəzinə hücum edərək «Serhildan» (üsyan) elan etmək niyyəti Zagros bölgə komandiri “Rəşid Dostum” kod adlı terrorçunun telefon danışıqlarında aşkarlanıb. Daha əvvəl də reallaşdırdığı müvəffəqiyyətsiz əməliyyatlara görə sıxışdırılmış “Rəşid Dostum”a bu dəfə «lazım olsa ölün» təlimatının verildiyi ortaya çıxıb.
“Rəşid Dostum” kod adını istifadə edən Məmməd Can Gürhanın adı 24 əsgərin şəhid olduğu Çuxurca və 8 əsgərin şəhid olduğu Yaşiltaş basqınından sonra gündəmə gəlib.