Bu gün “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”nun və İslam Konfransı Gənclər forumun birgə təşkilatçılığı ilə “Şəms Təbrizidən Mövlanəyədək. İrfan Xəzinəsində Azərbaycan izləri” mövzusunda elmi konfrans keçirilib.
SalamNews-un verdiyi xəbərə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov islamda irfanın yeri, tanınmış irfançılar haqqında məlumat verərək, Şəms Təbrizi, Sührəvərdi, Miyanəci və digər Azərbaycanın böyük irfan mütəfəkkirlərinin olduğunun bildirib.
Onun sözlərinə görə, bu kimi şəxslər təkcə elmin, ədəbiyyatın deyil, eyni zamanda islamın inkişafına da töhfə veriblər.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”nun sədri, millət vəkili Qənirə Paşayeva irfan alimlərinin islamın inkişafındakı rolundan danışaraq bildirib ki, azərbaycanlı və türk irfan alimlərinin islamın inkişafında özünəməxsus yeri olub. Q.Paşayeva Şəms Təbrizi, Cəlaləddin Rumi, Şirvani, Bakuvi kimi irfan alimlərinin rolunu xüsusi qeyd edib.
Tədbirdə çıxış edən ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev isə bildirib ki, qloballaşan dünyamızda islamın inkişafında Mövlənənin əsərlərinə xüsusi ehtiyac var.
O vurğulayıb ki, Fars körfəzi müharibəsi zamanı ABŞ ordusunun yüksək rütbəli zabitlərinin islamı qəbul etməsində Quranla yanaşı Ruminin ”Məsnəvi”sinin müstəsna rolu olub.
Digər natiqlər məşhur Miyanəçi, Sührəvərdi, Şirvani, Seyid Mirsədi Nigari və digər azərbaycanlı ariflər haqqında öz fikirlərini bildiriblər.