Moskvanın Tver rayon məhkəməsi aprel ayında öldürülən müsəlman ictimai xadim Mətin Mehdiyevi qətlə yetirməkdə ittiham olunan 3 nəfərin sentyabrın 10-dək həbs edilməsi barədə qərar çıxarıb.
SalamNews-un “islamrf.ru” saytına istinadən verdiyi xəbərə görə, məhkəmənin mətbuat katibi Aleksandr Beryozin istintaqın irəli sürdüyü şikayətin müsbət cavablandırıldığını və Orenburq vilayəti sakini 28 yaşlı Vitaliy Kalinin, 26 yaşlı Tomsk sakini Nikolay Yermakov və Qazaxıstan sakini Aleksandr Savelyevin həbs olunması barədə qərar çıxarıldığını bildirib.
Xatırladaq ki, Mətin Mehtiyev aprelin 10-da başından və boynundan aldığı yaralarla xəstəxanaya çatdırılıb. İstintaq cinayətin tamah məqsədilə törədildiyi qənaətindədir. Buna səbəb, cinayətkarların mərhumun üzərindəki “Vertu” markalı telefon, pul qabı və mənzilin açarlarını götürməsidir.
Saxlanılan şəxslər ölümlə nəticələnən sağlamlığa qəsdən ağır zərər vurma və qətl maddələri ilə ittiham olunurlar.
Mətin Mehtiyevin qətli cəmiyyətdə ciddi rezonansa səbəb olub. Onun dostları və həmkarları qətlin millətçilik zəminində törədildiyi fikrini irəli sürüblər. İstintaq isə, bu versiyanı əvvəlcədən istisna edib.