Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. İdarədən verilən məlumata görə, A. Paşazadə Novruzun könül xoşluğu, şux və səmimi ovqatla qarşılandığını bildirib:
"İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət, qəlblərə saflıq bəxş edən Novruz əsl xalq bayramı, el şənliyi olub xalqımızın tarixi yaddaşında, milli təfəkküründə özəl yer tutur". Şeyxin təbrikində, həmçinin Novruzun tərəqqi, təkamül rəmzi kimi təkcə təbiətin oyanışını deyil, insanların arzu və ümidlərinin pöhrələnməsini təcəssüm etdirdiyi də qeyd olunub: "Allaha çox şükürlər olsun ki, hər yeni Novruz – Yeni gün dövlətimiz və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir və biz ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyuruq".