ABŞ Konqresinin yuxarı və aşağı palataları İrana qarşı sanksiyaların genişləndirilməsinə dair birgə qanun layihəsini razılaşdırıblar.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, layihənin parlament tətilinin başlayacağı 6 avqust tarixinə qədər Nümayəndələr Palatası və Senatın təsdiqindən keçəcəyi gözlənilir. Yeni sanksiya paketində İran neftinin satın alınmasına görə nəzərdə tutulan cəzaların kəskinləşdirilməsi əksini tapıb.
Xatırladaq ki, ABŞ 2012-ci ilin əvvəlində İrana qarşı sanksiyaları sərtləşdirib. Avropa Birliyi isə iyulun 1-dən İrandan neft alınmasını dayandırıb. Sanksiyalarla əlaqədar İranda neft istehsalı son 20 ildə ən aşağı səviyyəyə enib.