Sadiq Gözəlov: "Ekstremist əhval-ruhiyyəli həmin şəxslər dini ayrıseçkilik yaradan ədəbiyyatların qanunsuz yayımı ilə məşğul olublar". Daxili İşlər Nazirliyinin mətbuat xidməti Dəvəçidə vəhhabi təriqətinə məxsus 5 nəfərin saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib ki, 48 yaşlı Mirzə Əlibəyov, 41 yaşlı Nemət Əlibəyov, 27 yaşlı Mətləb Əlibəyov, 25 yaşlı İntiqam Əlibəyov və 24 yaşlı Murad Fərəc oğlu Seyidbalayev vəhhabi təriqətinə mənsub olduqlarına görə yox, konkret əməllərə görə saxlanılıblar: "Bir daha bəyan edirik ki, Daxili İşlər Nazirliyi vətəndaşları hər hansı dini təriqətə mənsub olduqlarına görə saxlamır. Ekstremist əhval-ruhiyyəli həmin şəxslər təbliği qanunla qadağan olunmuş dini ayrıseçkilik yaradan müxtəlif ədəbiyyatların əhali arasında qanunsuz yayımı ilə məşğul olublar"
Xatırladaq ki, adı çəkilən şəxslər martın 12-də Dəvəçi rayon polis əməkdaşları tərəfindən Liman şəhərində pasport rejimini yoxlanılması zamanı saxlanılıblar. Onlar polis əməkdaşlarına müqavimət göstərdikləri üçün 15 gün müddətinə inzibati cəzaya məhkum ediliblər. Bundan əlavə, saxlanılanlardan Murad Seyidbalayevin evində axtarış keçirən zaman 16 kalibrli ov tüfəngi, 0,5 kiloqram qırma, 1 qutu barıt, 28 giliz, Mirzə Əlibəyovun evindən isə 28 kalibirli ov tüfəngi, yayımı qadağan edilmiş 78 ədəd kitab, qəzet və jurnal, həmçinin müxtəlif təriqətlərə aid 37 ədəd video kaset tapılıb. Faktla bağlı araşdırmalar davam edir.