Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, Əməkdar Elm Xadimi, akademik Vasim Məmmədəliyevin əsərlərinin biblioqrafik göstəricisini çap etdirib.
Kitabxanadan SalamNews-a verilən məlumata görə, göstərici alimin 1967-2011-ci illərdə Azərbaycan, rus, ingilis, türk, ərəb, fars və türkmən dillərində çapdan çıxmış monoqrafiyalarını, kitablarını, dövri mətbuatda, respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpozium materiallarında dərc olunmuş məqalələrini əks etdirir.
Biblioqrafiyaya daxil edilmiş materiallar xronoloji qaydada yerləşdirilib.
Göstəricidə V.Məmmədəliyevin kitabları, jurnal və qəzet məqalələri, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələri, tərcümələri, redaktə etdiyi əsərlər və dissertantlara elmi rəhbərliyini əks etdirən bölmələr var.
Biblioqrafiyada alimin həyat və yaradıcılığına dair qısa oçerk və həyatının əlamətdar tarixləri də yer alıb.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, müştərək müəlliflərin və haqqında yazan müəlliflərin adlarının əlifba göstəricisi də təqdim olunub.