Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “24 TV” telekanalında yayımlanan “Sansürsüz” proqramının qonağı olub. Veriliş zamanı baş nazir jurnalistlər tərəfindən müxtəlif mövzularda verilən sualları cavablandırıb.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Moskva səfəri haqqında da söz açan Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinə Türkiyəni də Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçmələrini təklif etdiyini bildirib.
“Avropa İttifaqı ilə bağlı nazirlik yaratdıq. Fransa Prezidenti Sarkozi və Almaniya kansleri Merkel bu prosesi baltalayan iki lider oldu. Sarkozi və Merkel gələnə qədər liderlər sammitində iştirak edirdim. Sonra bizim və Xorvatiyanın iştirak etməməsi ilə bağlı qərar qəbul etdilər. 2023-cü ilə qədər Avropanın qalıb-qalmayacağı bilinmir. Avropanın vəziyyəti bəllidir. Rusiyada Putinlə zarafat elədim. Tez-tez bizimlə zarafat edirlər ki, sizin Avropa İttifaqında nə işiniz var. Mən də “artıq bizi Şanxaya qəbul edərsiz” deyə zarafat etdim. Putinə Şanxay Əməkdaşlıq Təşkilatına qatılmağı təklif etdim”, - Rəcəb Tayyib Ərdoğan.