Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin təhsil naziri Məhəmməd əl-Naşşar ilə görüşüb
Səfirlikdən SalamNews-a verilən məlumata görə, nazir görüşdə Azərbaycan və Misir arasında müxtəlif sahələrdə, xüsusilə elm, mədəniyyət və təhsil sahələrində dərin əlaqələrin olduğunu vurğulayıb və ölkəsinin Azərbaycan ilə ali təhsil, elmin müxtəlif sahələrində təcrübə mübadiləsi və iki dövlətin iqtisadiyyatına xidmət edən birgə elmi-tədqiqatların aparılmasında maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin alternativ və bərpa olunan enerji və birgə elmi dərəcələr sahəsində əməkdaşlığın yolları araşdırılıb.
Səfir Şahin Abdullayev dost ölkənin təhsil müəssisələrinin işini, həmçinin ölkəmizdə müxtəlif istiqamətlərdə səmərəli fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin aparıcı rolunu yüksək qiymətləndirərək vurğulayıb ki, ölkəmiz ərəb və islam dövlətləri, xüsusilə Misirlə elmi əməkdaşlıq əlaqələrini dəstəkləyir. Diplomat diqqətə çatdırıb ki, Misir Azərbaycanın təhsil sahəsində əməkdaşlıq sazişləri bağladığı ilk ölkələrdən biri olub.