Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Suriyanın şimalında kürdlərin təşkilatlanmasına laqeyd qalmayacaqlarını bildirib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, “Kanal 24” televiziya kanalında "Sansürsüz” proqramına qatılan Baş nazir, Suriyanın şimalında kürdlərin təşkilatlanması və PKK terror təşkilatının fəaliyyəti barəsində açıqlamalar verib: "Türkiyə olaraq bizim PKK terror təşkilatı ilə PYD-ün (Demokratik Birlik Partiyası) oradakı əməkdaşlığına müsbət yanaşmağımız mümkün deyil. Çünki PKK Suriyadakı kürdləri təmsil edən qurum olaraq qəbul edilə bilməz. Suriyanın bölünməsini həqiqətən arzu etmirik. Şimalda yaranacaq qurum bizim üçün bir terror birliyidir, buna müsbət yanaşmırıq. Təbii ki, bunu laqeyd qalmayacağıq. Çünki bizim dincliyimizi təhdid edən bir addıma müsbət yanaşmağımız mümkün deyil. Hazırda atdığımız və atmaqda olduğumuz addımlar bu istiqamətdədir. Məsələn, mən gələn həftə xarici işlər nazirimizi Şimali İraqa göndərirəm”.