Londonda nəşr olunan “Eş Şarkül Avsat” qəzeti Suriya prezidenti Bəşər Əsədin ehtiyat plan kimi paytaxtı Lazikiyə olmaqla Ələvi dövləti qurmaq niyyətində olduğunu iddia edib.
APA-nın məlumatına görə, qəzet müxalifətin hücumları və beynəlxalq təzyiq qarşısında getdikcə geri çəkilən Əsədin “B planı” hazırladığını yazıb. Plana əsasən, təhlükəsizlik qüvvələri Ağdəniz sahilində yerləşən şəhərlərə, Humus, Huma, El Haffe və Tiremisə hücumları intensivləşdirməli, nəticədə həmin şəhərlərin sünni əhalisi başqa şəhərlərə məcburi köç etməli, bundan sonra boşalmış şəhərlərə Ələvi əhali yerləşdirib, bölgədə demoqrafik vəziyyət dəyişdirilməlidir. Suriya müxalifətinin liderlərindən biri Mərkəzi Bankın valyuta ehtiyatlarının Tartusa daşındığını, hökumət arxivləri və pulların daşınması üçün xüsusi mərkəzlərin yaradıldığını, təhlükəsizlik nöqtələrinin hazırlandığını deyib.