İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Ekmeleddin İhsanoğlu müqəddəs Ramazan ayının girməsi münasibətilə İslam dünyasını təbrik edib.
SalamNews-un İƏT-nın rəsmi saytına istinadən verdiyi xəbər görə, öz müraciətində İƏT-nın Baş katibi təəssüflə qeyd edir ki, bu il müqəddəs Ramazan ayı müsəlman dünyasının bir hissəsinin müharibə, iğtişaş və humanitar böhranın şahidi olduğu dövrə təsadüf edir.
“İslam dünyasında bütün döyüşən tərəflərə üzümü tutub bu ayın müqəddəsliyinə hörmət etməyə və hərbə və qan tökülməsinə son qoymağa çağırıram. Ümid edirəm ki, bu mənəvi borc bütün müsəlman xalqlarının münaqişələri sülh yolu ilə nizamlamasına yol açacaq. Mən onları İslam dünyasının məqsədlərinin, yəni islahatların, effektiv idarəetmənin və ən başlıcası yaşamaq hüququ olan insan hüquqlarının təminatının həyata keçirlməsinə səsləyirəm.”
Sonda Ekmeleddin İhsanoğlu Myanmadakı müsəlmanların problemlərinə diqqəti cəlb edib, Allahdan bütün müsəlmanlara ixtilaf və ziddiyyətlərdən uzaq olmağı, sülh və əmin-amanlıq arzu edib.