İranın Azərbaycandakı səfiri Məhəmmədbaqir Bəhraminin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar, səfirlik rəsmi ziyafət keçirib.
SalamNews xəbər verir ki, tədbirdə Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov çıxış edərək, M.Bəhraminin Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi tövhəni yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Eyni zamanda, İranın “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycanda davamlı humanitar layihələrdə yaxından iştirak etdiyi vurğulanıb. Bildirilib ki, təşkilat Azərbaycanda 1994-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər həyata keçirdiyi humanitar layihələrə 40 milyon dollar vəsait sərf edib.
İran səfiri Məmmədbaqır Bəhrami öz növbəsində Azərbaycanda diplomatik fəaliyyət göstərdiyindən məmnun olduğunu bildirib və Azərbaycanda olduğu müddət ərzində iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə çalışdığını vurğulayıb.
O həmçinin qeyd edib ki, Azərbaycan və İran dövlət başçıları ölkələr arasında münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayırlar.