Rusiya Federasiyası Prezidenti Vladimir Putin ilə görüşdükdən sonra Türkiyəyə qayıdan Baş nazir Rəcəb Tayyib Ərdoğan hava limanında jurnalistlərə açıqlama verib.
SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyaya ziyarətinin məhsuldar keçdiyini qeyd edən Baş nazir deyib: “Sülhün bərqərar olması üçün Suriya xalqının iradəsinə hörmət etmək lazımdır. Suriyanın dağılmasını Türkiyə olaraq əsla istəmərik. Biz ərazi bütövlüyünün, xalqın birliyinin tərəfdarıyıq. İstədiyimiz odur ki, insanlar öldürülməsin. 18 mindən artıq insan qətl edilib, qaçqınlar var. Ölüm qorxusu insanların qaçmasına səbəb olur. Ata Əsədin yolunu gedən oğul Əsəd var”.
Ərdoğan bildirib ki, Türkiyə xarici işlər naziri Cenevrədə, Suriyada Əsədin olmadığı bir keçid hökumətindən bəhs edib: "Bu, əslində bir seçki hökumətidir. Bir seçki hökuməti qurulsun və bu hökumət partiyaların yaradılmasına imkan versin. Bu partiyalar isə öz növbəsində demokratik rəqabət şəraitində Suriyada xalqın iradəsini formalaşdırsın, istiqamətləndirsin. Amma əgər yenidən hökumət qurular və hökumətin başında yenə Bəşər Əsəd qalarsa, orada heç nə dəyişməyəcək”.