Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov: “Telefon danışığı ABŞ tərəfinin istəyi ilə gerçəkləşib”
Rusiya prezidenti Vladimir Putinlə ABŞ-lı həmkarı Barak Obama arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, iki ölkə prezidentləri telefon danışığı zamanı Suriya konflikti ilə bağlı müzakirələr aparıblar: “Vladimir Putin və Barak Obama tərəfindən Suriyada bu gün baş verən hadisələrə verilən qiymətlər üst-üstə düşüb. Lakin münaqişənin tənzimlənməsinə dair yanaşmalar isə müxtəlif olub”.
Telefon danışığının ABŞ tərəfinin istəyi ilə gerçəkləşdiyini söyləyən Dmitri Peskov prezidentlərin Suriya mövzusunda dialoqu davam etdirmək barədə razılaşdıqlarını bildirib: «Barak Obama Kubanda çoxsaylı insan tələfatı ilə nəticələnən təbii fəlakətlə əlaqədar Vladimir Putinə başsağlığı da verib».