Azərbaycan İranla əlaqələrinin daha sıx olması üçün ciddi səylər göstərir.
SalamNews-un verdiyi xəbərə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, Azərbaycan regionda qonşu dövlətlərlə normal münasibətlərin saxlanılmasına çalışır: "O cümlədən biz İranla da qarşılıqlı hörmət, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri əsasında münasibətlərin qurulmasına səy göstəririk. Biz çalışırıq ki, tərəfimizdən İranla münasibətləri poza biləcək bir addım belə atılmasın".
XİN rəsmisi təəssüflə qeyd edib ki, Azərbaycan bəzi sahələrdə İranla gərginlik yaşayır. "Bunun tərəfdarı deyilik və İran tərəfinə dəfələrlə bildirmişik ki, bu ölkələrin maraqlarına cavab vermir. Biz istənilən halda İranla gərginliyi aradan qaldırmalıyıq. Çünki öncə biz qonşu dövlətlərik və qonşu olaraq sivil qaydalar əsasında münasibətlərimizi davam etdirməliyik. Düşünürəm ki, biz problemləri araşdırsaq və həll etsək, bu tərəflər üçün daha yaxşı olar", - X.Xələfov deyib.