İsrailə səfər edən ABŞ Dövlət Departamentinin sədri Hillari Klinton "Mavi Mərmərə" hücumu ilə bağlı İsrailin Türkiyədən üzr istəməsini tələb edib.
SalamNews-un “Zaman”a istinadla verdiyi xəbərə görə, Klinton İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə, Türkiyə ilə əlaqələrdəki böhranın davam etməsinin İsrailin və ABŞ-ın maraqlarına zərər verdiyini söyləyərək, bu münasibətlərin tezliklə bərpa edilməsini istəyib.
İsrailin “Kanal 2” televiziya kanalının əldə etdiyi məlumatlara əsasən, Hillari Klinton terrorçu qrupların iki ölkə arasındakı gərginliyi artırmağa çalışdığını qeyd edərək, Türkiyənin bölgədə vacib ölkə olduğunu və İranın nüvə proqramına qarşı beynəlxalq birliyin təmin edilməsi üçün Ankaraya ehtiyac duyulduğunu vurğulayıb.
Dövlət katibi 24 saatlıq səfəri zamanı İsraildən Fələstin rəhbərliyi ilə sülh danışıqlarına yenidən başlamasını da tələb edib. Həmçinin Klinton, Netanyahu hökumətini Fələstin rəhbərliyini danışıqlara təşviq etmək üçün bəzi güzəştlərə getməyə çağırıb.