İran Prezidenti Mahmud Əhmədinejadın xüsusi nümayəndəsi qismində Azərbaycanda səfərdə olan bu ölkənin təhsil naziri Həmidrza Hacıbabayi Prezident İlham Əliyev ilə görüşüb.
Bu barədə SalamNews-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.
O deyib ki, görüş çərçivəsində iranlı nazir Azərbaycanın dövlət başçısına prezident Mahmud Əhmədinejadın salamlarını çatdırıb, o cümlədən ona Tehranda keçiriləcək Qoşulmama Hərəkatının iclasında iştirak üçün dəvət məktubunu çatdırıb.
H.Hacıbabayi vurğulayıb ki, iki ölkənin mədəni və təhsil sahəsində inkişafı zəruridir, ölkələrimiz tarixi və mədəni köklərə malikdir. Regionda mehribançılıq hər iki dövlət üçün əhəmiyyətlidir.
Prezident İlham Əliyev İranın təhsil nazirinin Bakıya səfərindən məmnunluğunu söyləyərək, bu il avqustun 26-31-da Tehranda keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının iştirakçı ölkələrin dövlət başçılarının XVI sammitində mütləq iştirak edəcəyini bildirib.