Azərbaycan İslam Partiyasının Baş Məclisininin növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, baş Məclisdə 29 rayon təşkilatının sədrləri, icra aparatından partiyanın sədr əvəzi Elçin Manafov, sədrin siyasi məsələlər üzrə müavini Akif Heydərli, sədrin birinci müavini İnqilab Əhədli, ictimai məsələlər üzrə sədr müavini Rövşən Əhmədli, Nəzarət Təftiş Komisiyasının sədri Fəyaz Nəbizadə, İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimov iştirak ediblər.
İlk çıxış edən AİP sədr əvəzi Elçin Manafov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Baş Məclisdə əsasən ölkədə ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr, ötən Baş Məclisin qərarlarından irəli gələn vəzifələr və onun icrası, həbs olunan islamçıların hüquqlarının müdafiə vəziyyəti, AİP rayon təşkilatlarında konfransların gedişi, qarşıda duran əsas vəzifələr, cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Toplantıda E.Manafov, A.Heydərli, İ.Əhədli, R.Əhmədli, N.Kərimli, F.Nəbizadə ayrı-ayrı məsələlərə dair geniş çıxış ediblər. Məclis üzvləri çıxışlar ətrafında müzakirələr apararaq fikir və təkliflərini çatdırıblar. Müzakirələrdə əsas diqqət partiyanın rayon şöbələrində təsis konfranslarının keçirilməsi və qarşıya çıxan bəzi çətinliklər diqqət mərkəzində saxlanılıb, qarşıdan gələn prezident seçkilərində partiyanın mövqeyinin müəyyənləşdirilməsi istiqamətində təkliflər irəli sürülməsi nəzərdə tutulub.
Partiyanın Ağstafa rayon şöbəsi sədrinin rayon polis idarəsi rəisi tərəfindən fiziki zora məruz qalması məclis üzvləri tərəfindən pislənilib. Azərbaycan İslam Partiyası Baş Məclisi toplantının sonunda bəyanat qəbul edib.