İranda saxlanılan azərbaycanlı gənc şairlərin casusluqda ittiham olunması siyasi məqsəd daşıyır. Bunu SalamNews-a eksklüziv müsahibəsində Bakı İslam Universitetinin (BİU) rektoru, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli bildirib.
“Avroviziya-2012” yarışması ərəfəsində Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən İran casuslarının ifşa olunduğunu xatırladan QMİ-nin sədr müavini söyləyib ki, gənc şairlərimizin tutulması da məhz buna qarşı İranın cavab addımıdır. Onun sözlərinə görə, İran tərəfinin əvvəllər azərbaycanlı gənc şairləri narkotikə görə, indi isə casusluqda ittiham etməsi inandırıcı deyil. S.Həsənli deyib: “Mənə elə gəlir ki, İran tərəfi bununla Azərbaycandan əvəz çıxır. Çünki, bir müddət əvvəl Azərbaycanda İranın casusları ifşa olunaraq tutulub. Yəqin ki, İran tərəfi 2 azərbaycanlı şairi buraxmağın əvəzində bir müddət əvvəl MTN tərəfindən tutulmuş casuslarının azadlığa buraxılmasını tələb edəcək. QMİ-nin mövqeyi belə ola bilər: İranda tutulan 2 azərbaycanlı gənc günahsızdır və onlar azadlığa buraxılmalıdır. Çünki, istənilən ölkə istənilən insanı cinayət törətməkdə ittiham edərək günahlandıra bilər. Amma ədalət olmalıdır. Günahsız insanları tutmaq düzgün deyil. Azərbaycandan yüzlərlə insan İrana müalicəyə və ziyarətə səfərə gedir. İran qonşu və böyük dövlətdir. Bu cür addımlar iki ölkə arasında olan münasibətlərə xoş nə isə vəd etmir”.
Xatırladaq ki, mayın 2-də Azərbaycanın iki gənc şairi - Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseyn Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs edilib. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi İran tərəfinə 5 Nota Nota göndərib.