İKT-nin Dakarda keçirilən iclasında təşkilatın nizamnaməsinin yeniləşmiş variantı müzakirə olunur. Seneqalın paytaxtı Dakarda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin 11-ci sessiyası davam edir.
Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqovun da iştirak etdiyi iclasda İKT-nin 10 illik fəaliyyət proqramının reallaşdırılması və təşkilatın nizamnaməsinin yeniləşmiş variantının qəbul edilməsi məsələləri müzakirə olunur. Gündəliyə Fələstin, Livan, İraq və Somali, o cümlədən Darfur münaqişəsi ilə bağlı məsələlər də daxil edilib.
Bundan əlavə, iclasın gündəliyinə islamafobiya problemi, İKT-yə üzv ölkələr, xüsusilə də Afrika dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri daxildir. Nazirlər səviyyəsində hazırlanan sənədlər İKT-nin martın 13-14-də Dakarda keçirilməsi nəzərdə tutulan iclasında təqdim olunacaq.