Türkiyənin apellyasiya məhkəməsi - Yarğıtay "nurçular" adlandırılan dini cərəyanın lideri Fətullah Gülən haqqında bəraət qərarı verən Ankara 11-ci Ağır Cəza Məhkəməsinin hökmünü təsdiqləyib. Bununla da hazırda ABŞ-da yaşayan F. Gülənin vətənə dönüşü üçün bütün hüquqi əngəllər aradan qalxıb.
Xatırladaq ki, F. Gülən 8 il əvvəl "dünyəvi dövlət sistemini dəyişdirərək yerinə dini qaydalara əsaslanan dövlət qurmaq məqsədilə qeyri-qanuni təşkilat yaratmaq" ittihamı ilə mühakimə olunub. Ancaq məhkəmə Bülənt Ecevitin baş nazirliyi dövründə verilən amnistiyaya uyğun olaraq iş üzrə hökm çıxarılmasını təxirə salıb. F. Gülənin vəkilləri isə məhkəmənin davam etdirilməsini tələb ediblər. Nəticədə 2006-cı ilin mayında Ankara 11-ci Ağır Cəza Məhkəməsi dini lideri yenidən mühakimə edib və ona bəraət verib.