Geosiyasi Problemlər Akademiyasının prezidenti, Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Əməkdaşlıq İdarəsinin keçmiş rəisi Leonid İvaşov hesab edir ki, Suriya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən vurulan Türkiyə təyyarəsi müharibənin başlanması üçün təxribat ola bilər.
SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkənin cənub-şərqində yerləşən Malatya əyalətindəki “Erhaş” aviabazasından cümə günü havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinin RF-4E kəşfiyyat təyyarəsi Aralıq dənizinin hava məkanında Suriya ilə həmsərhəd Hatay vilayətinin cənub-şərqində radarlardan itib.
“Liviya ilə də belə olmuşdu, Yuqoslaviyada da bu cür hal müşahidə etmişdik. Odur ki, bu bir təxribatdır”, - “Rossiya-1” telekanalının “Vesti Nedeli” proqramına verdiyi müsahibəsində İvaşov deyib.
Onun fikrincə, Türkiyə təyyarəsi ilə baş vermiş hadisə müharibənin başlanmasına səbəb ola bilər.
“Əgər Türkiyə hökuməti Amerikanın bu təzyiqinə tab gətirərsə, fikrimcə, hadisə dostluqla olmasa da, ən azından sülh yolu ilə həll oluna bilər. Yox, əgər bu təxribatı hücum etmək məqsədi ilə istifadə edərlərsə, o zaman müharibə qaçılmazdır”, - İvaşov söyləyib