Səudiyyə Ərəbistanı Suriya ordusunda fərarilik hallarının çoxalması məqsədilə "Azad Suriya ordusu" hərbçilərinə əmək haqqı ayırmağı planlaşdırıb.
SalamNews-un RİA “Novsti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın "Guardian" qəzetində adı çəkilməyən mənbəyə istinadən yazılıb.
Ər-Riyad bu cür planları artıq Vaşinqton və bir sıra ərəb ölkələri ilə müzakirə edib.
Martın sonunda Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feysəl bildirib ki, krallıq Suriya müxalifətinin silahlandırılması fikrini dəstəkləyir. Çünki onun sözlərinə görə, “o, özünü silahsız müdafiə edə bilmir”.
Bu həftə Amerikanın "New-York Times" qəzeti ABŞ administrasiyasının adları çəkilməyən üzvlərinə və ərəb dövlətlərinin xüsusi xidmətlərinin əməkdaşlarına istinadən xəbər verib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət kiçik qrup artıq bir neçə həftədir ki, Suriya müxalifətinin silahlı qüvvələrinə ötürülən silahların “Əl-Qaidə” terror qruplaşması və digər ekstremistlərin əlinə keçməməsi üçün Türkiyənin cənubundadır.
Nəşrin məlumatlarına əsasən, Suriya iqtidarına qarşı müharibə üçün nəzərdə tutulmuş silah (ilk növbədə hücum tüfəngləri, qumbaraatanlar, hərbi sursatlar və tank əleyhinə vasitələr) Suriyaya vasitəçilərin, həmçinin “Müsəlman qardaşlar” təşkilatının üzvlərinin köməyi ilə Türkiyə sərhədindən keçirilir. Silahların ötürülməsini Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər maliyyələşdirir.
Daha öncə Vaşinqton Suriyadakı üsyançılara silah ixrac etmədiyini, ancaq müttəfiqlərinin bunu edə biləcəyini bildirmişdi.
Bildirək ki, fərarilərdən ibarət “Azad Suriya ordusu” ötən ilin payızında yaradılıb və hazırda Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki Riyad Əsədin rəhbərliyi altında fəaliyyət göstərir.