Fransada nəşr edilən “Le Figaro” qəzeti Rusiyanın Suriya-Türkiyə sərhədində yeni radar bazası yerləşdirdiyini yazıb.
SalamNews-un “Cihan”a istinadla verdiyi xəbərə görə, qəzetə mövzu ilə əlaqədar məlumat verən mənbələr radar bazasının Suriyanın Kesab bölgəsində qurulduğunu bildiriblər.
Rus mətbuatında da öz əksini tapan xəbərdə deyilir: "Moskva bu radar bazasını yazda, Suriya–Türkiyə sərhədinə yaxın Kesab bölgəsində qurub. Baza Bəşər Əsəd rejiminə bu strateji əhəmiyyətli bölgədə suriyalı müxalif qrupların fəaliyyətini izləməsinə, onları təqib etməsinə kömək edəcək”.
Xəbərdə bildirilir ki, Hataya yaxın bir ərazidə qurulan baza Moskva üçün iki cəhətdən əhəmiyyətlidir. Bir tərəfdən əsasən Adanadakı Amerika bazası daxil olmaqla sərhəddin qarşı tərəfindəki NATO hərbi təsisatların izlənməsini təmin edəcək, digər tərəfdən isə Əsəd rejimi bu baza sayəsində türk sərhəd bölgələrində baş verənlərə nəzarət edə biləcək.