Narkotik maddələrin daşınmasında ittiham edilən İran vətəndaşlarının Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar, İslam Respublikası istintaq aparılması üçün bu ölkəyə konsulluğun vəkillərindən ibarət nümayəndə heyəti göndərmək niyyətindədir.
SalamNews-un “PressNews”a istinadən verdiyi xəbərə görə, bu barədə Tehrandakı etibarlı mənbə bildirib. O, edam olunmuş şəxslərə konsulluqla əlaqə yaratmaq, vəkil və tərcüməçinin xidmətindən istifadə etmək imkanı yaradılmadığını söyləyib.
Faktla əlaqədar Səudiyyə Ərəbistanının İslam Respublikasındakı müvəqqəti işlər vəkili Həsən Zeyd İran XİN-ə çağırılıb. XİN-in Fars körfəzi məsələləri üzrə departamentinin baş direktoru Əli-Reza Enayəti Səudiyyə Ərəbistanı tərəfinin qeyri-humanist hərəkəti ilə bağlı ölkəsinin sərt etirazını müvəqqəti işlər vəkilinə çatdırıb.
Diplomat, Səudiyyə Ərəbistanının İran vətəndaşlarına səfirlik və baş konsulluqla əlaqə yaratmaq imkanı vermədiyinə görə etiraz bildirərək, rəsmi Ər-Riyadı beynəlxalq razılaşmalar və insan hüquqları prinsiplərinə sadiq olmamaqda ittiham edib.
Bundan başqa, İranın xarici işlər nazirinin müavini Hosseyn Əmir Əbdülləhyanın Ciddəyə planlaşdırılan səfəri ləğv olunub.