Qətərdən Fransaya gəlmiş 3 Səudiyyə Ərəbistanı vətəndaşı niqabı çıxarmaqdan imtina etdiklərinə görə ölkə ərazisinə buraxılmayıb.
SalamNews-un ''NEWSru Israel''ə istinadən verdiyi xəbərə görə, hadisə Parisin Şarl de Qoll adına hava limanında baş verib. Qadınlar gömrük polis əməkdaşının niqabı çıxarmaq xahişinə rədd cavabı veriblər və nəticədə hava limanından buraxılmayıblar. Qadınlar Qətərə qayıtmaq məcburiyyətində qalıblar.
Bildirək ki, ictimai yerlərdə sifəti tamamilə bağlayan geyimlə bağlı qadağa Avropada ilk dəfə 2011-ci ildə Fransada qüvvəyə minib. Bu yeniliyin təşəbbüskarı kimi Fransanın o zamankı prezidenti Nikolya Sarkozi çıxış edib.
Yeni qanunu pozan şəxs 150 avro (216 dollar) məbləğində cərimə olunur. Qadın qohumları tərəfindən üzünü örtməyə məcbur edilirsə, həmin şəxsləri 30 min avro məbləğində cərimə, yaxud 1 ilədək həbs cəzası gözləyir. Məcbur edilən şəxs yetkinlik yaşına çatmayıbsa, cərimə 2 qat artırılır.
Qanun müsəlman dairələrində narazılığa səbəb olub. Fransada bununla bağlı nümayişlər keçirilib.
2011-ci il iyulun 23-də isə, analoji qanun Belçikada qüvvəyə minib. Bu ölkədə qanun pozuntusuna yol verən şəxsi 137,5 avro cərimə, yaxud 7 günədək həbs cəzası gözləyir.