İnsan Hüquqları və Azadlıqları (İHA) Humanitar Yardım Vəqfi “Mavi Mərmərə” gəmisinə hücumun 2-ci ildönümündə Türkiyədə müxtəlif tədbirlər təşkil edib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, tədbirlər çərçivəsində bu gün axşam İstanbulun Taksim Meydanında "Mavi Mərmərə" və Azad Qüds" yürüşü də təşkil olunacaq.
“Mavi Mərmərə” gəmisində təşkil olunan tədbirdə Fələstinin azadlığı uğrunda mübarizəni davam etdirəcəklərini qeyd edən İHA sədri Bülent Yıldırım, İsrailə qarşı bütün Anadoluda rəsm sərgiləri, aksiyalar, iclaslar keçirildiyini bildirib. Çıxışında İsrailə səslənən Yıldırım deyib: "Bizimlə çox mübarizə etdiniz, bizi qorxudacağınızı düşündünüz. Bizim Fələstinin azadlığa qovuşmasından savayı bir arzumuz yoxdur. Əsla qorxmadıq, iftiralarınızdan çəkinmədik. Nə edirsiniz edin, “Mavi Mərmərə” yoluna qurudan davam edir. Tunisdə, Liviyada, Suriyada yoluna davam edir. Əmin olun: Əl-Əqsa məscidində namaz qılacağıq. Buna əmin olun. İsrail Misiri itirdi, amma ən vacibi, “Mavi Mərmərə” hadisəsindən sonra Türkiyəni itirib”.