Astanada keçirilən dünya dinləri və ənənəvi dinlərin liderlərinin dördüncü qurultayı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill ilə görüşüb.
SalamNews-un məlumatına görə, dostluq və qardaşlıq şəraitində keçən görüşdə A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını patriarx Kirillə çatdırıb.
Görüşdə MDB Dinlərarası Şurasının fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, görüləcək işlər müzakirə edilib. Qurumun həmsədrləri şeyxülislam və patriarx Kirill bu şuranın təşəbbüsü ilə reallaşmış dini liderlərin Moskva və Bakı görüşlərinin dinlərarası dialoq və əməkdaşlıq baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.
Patriarxı yenidən Azərbaycana səfərə dəvət edən A.Paşazadə bu səfərin böyük əhəmiyyət daşıyacağına, dövlətlərimiz, region və postsovet məkanı ölkələri üçün faydalı olacağına əmin olduğunu bildirib.
Patriarx Kirill MDB Dinlərarası Şurasının həmsədri kimi şeyxülislam A.Paşazadənin fəaliyyətini yüksək qiymətləndirib, onun MDB müsəlmanları Məşvərət Şurasının sədri kimi də mühüm işlər gördüyünü diqqətə çatdırıb. Şeyxülislamın MDB məkanında, habelə islam dünyasında böyük ehtiramla qəbul olunduğunu bildirən Patriarx Kirill, bu nüfuz sayəsində qurumun daha çox işlər görə biləcəyini vurğulayıb, Məşvərət Şurasının növbəti görüşündə məmnuniyyətlə iştirak edəcəyini bildirib.
Görüşdə QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əməkdaşlığın perspektivləri də müzakirə olunub.