"Azərbaycan xalqı və Azərbaycan islam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, bu günümüzdür, ənənəmizdir, milli identifikasiyamızdır. Bizim milli dəyərlərimiz islam dəyərləri əsasında formalaşıb"
SalamNews-un məlumatına görə, bu sözləri Azərbaycan prezidenti 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbuldə çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, biz milli dəyərlərimizə çox sadiqik və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Dəfələrlə demişəm və şadam ki, gənc nəsil də milli ruhda böyüyür, milli ruhda tərbiyə alır. Biz Azərbaycan xalqının zəngin milli mənəvi dəyərlərini, ənənələrini qorumalıyıq, saxlamalıyıq, təbliğ etməliyik. Hər bir Azərbaycan gənci, hər bir Azərbaycan uşağı bu əhval-ruhiyyədə böyüməlidir.
O deyib: "İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim çox fəal rolumuz var, böyük dəstəyə malikik. Beynəlxalq təşkilatlarda demək olar ki, müsəlman ölkələrinin mütləq əksəriyyəti Azərbaycanın mövqeyini, Azərbaycan dövlətini birmənalı şəkildə dəstəkləyir. Bildiyiniz kimi, biz də islam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Bakıda keçirilən müxtəlif tədbirlər bunun əyani göstəricisidir".