Rusiya Suriyada çoxlu sayda insanın ölümü ilə nəticələnən hadisənin araşdırılmasını tələb edir
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Suriyanın Xula yaşayış məntəqəsində çoxlu sayda dinc sakinin qətlə yetirilməsi ilə nəticələnən hadisə ciddi araşdırılmalıdır: “Biz tələb edirik ki, Xulada baş verən hadisə araşdırılsın. Şübhə yoxdur ki, hakimiyyət artilleriya və tankdan istifadə edib. Bu barədə BMT-nin hadisə yerində olan müşahidəçiləri bildiriblər".
Qey edək ki, mayın 25-26-da Suriyanın Homs şəhərinə yaxın yerləşən yaşayış məntəqəsində dinc əhaliyə qarşı silahlı hücüm olub. Nəticədə 116 nəfər dinc sakin ölüb. Suriya hakimiyyəti olayda iştirakını inkar edir.