Yəmənin paytaxtı Sənada törədilən partlayış nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb. 300 adam da yaralanıb. Partlayışı hərbi geyimdə olan kamikadze törədib. O, özünü böyük hərbçi kütləsi arasında partlatdığından, insan tələfatı çox olub. Ölənlərin sayının artacağı istisna edilmir. Səna polisinin məlumatına görə, partlayış şəhərdə sabah keçirilməli olan Milli Həmrəylik Gününə həsr olunmuş hərbi parada hazırlıq zamanı baş verib.
Hadisə baş verən vaxt Səbin meydanında Yəmənin müdafiə naziri və Baş qərargah rəisi də olub, onların xəsarət almadığı bildirilir. Partlayışdan sonra meydanda daha iki сanlı bomba saxlanılaraq zərərsizləşdirilib.
Bu, Əbdrəbbu Mansur Hadinin fevralda Yəmənin prezidenti seçilməsindən sonra paytaxt Sənada törədilən ən qanlı hücum olub. Partlayışa görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb.