Mixail Saakaşvili Tiflisə qayıtdıqdan sonra delimitasiya komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirəcək
Çikaqoda Azərbaycan və Gürcüstan prezidentlərinin görüşündə əsas müzakirə mövzularından biri Keşikçi dağ məbədi ətrafında yaranmış vəziyyət olub. APA-nın “Грузия-online” saytına istinadən yaydığı məlumata görə, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib ki, prezidentlər Keşikçi dağ məbədi ətrafındakı məsələ ilə yanaşı iki dövlət arasında tərəfdaşlıq və dostluq münasibətlərini də müzakirə ediblər. XİN başçısının sözlərinə görə, prezident Saakaşvili Vətən qayıtdıqdan sonra Azərbaycan-Gürcüstan delimitasiya və demarkasiya komissiyasının Gürcüstandan olan üzvlərinin iclasını keçirəcək və bu məsələ ilə bağlı gücləndirilmiş rejimdə işləməyi tapşıracaq.
“NATO-nun Çikaqo sammiti çərçivəsində iki ölkənin prezidentləri arasında keçirilmiş görüşdə əsas diqqət Keşikçi dağ məbədi ətrafında yaranmış vəziyyətə ayrıldı. Qeyd etmək istəyirəm ki, bu problem yeni deyil və hələ kommunisr rejimi dövründən mövcuddur. Bilmirəm, qəsdən, ya bilməyərəkdən inzibati sərhədi elə çəkiblər ki, kompleksin 2 faizi Azərbaycanın ərazisində qalıb. Prezident Tiflisə qayıtdıqdan sonra delimitasiya və demarkasiya komissiyasının iclasını keçirəcək və bu məsələ üzərində gücləndirilmiş rejimdə işləməyi tapşıracaq”.
Qeyd edək ki, dünən Gürcüstanda “David Qarecinin müdafiəsi” təşəbbüs qrupunun üzvləri paytaxtdakı Vake parkından Daxili İşlər Nazirliyinin binasına qədər yürüş ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iştirakçılar yürüşdə Azərbaycan sərhədçilərinin mayın 6-da Udabno məbədi ərazisində sərhəd yerdəyişməsinə münasibət bildiriblər. Yürüş iştirakçıları Azərbaycan sərhədçilərinin ziyarətçiləri məbədə buraxılmamasına və Gürcüstan XİN müavini Nino Kalandadzenin və mədəniyyət naziri Nika Ruruanın “qeyri adekvat” və “məsuliyyətsiz” bəyanatlarına narazılıqlarını ifadə edərək hər iki rəsmi şəxsin vəzifələrindən azad edilməsini tələb ediblər.