“İki Azərbaycan şairinin İranda saxlanılması sadəcə ayıbdır”.
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib. O, bu hadisədən təəssüfləndiyini vurğulayıb: “Hər gün İrandan Azərbaycana minlərlə adam gəlir. Biz onların hər birinə casus kimi baxsaq, necə olar?! İki gənc şairin valideyninin həftələrdir nə çəkdiyini bir valideyn kimi düşünürəm. Heç olmasa, bir açıqlama versinlər”.
Ə. Həsənov bu məsələdə Azərbaycan KİV-nin passiv mövqe tutduğunu söyləyib: “İki şairin həbsilə bağlı aparılan kampaniya Anar Bayramlının həbsilə bağlı Azərbaycan KİV-lərinin apardığı kampaniyanın mində biri də deyil”.
Elman Abdullayev bildirib ki, Azərbaycanın İrandakı diplomatik missiyası hər gün bu məsələ ilə bağlı İran tərəfi ilə əlaqə saxlayır: “Lakin İran tərəfi hələ də iki Azərbaycan vətəndaşının saxlanması faktına rəsmi cavab verməyib. Bu məsələ ilə bağlı təmaslar yüksək səviyyədə davam etdiriləcək”.