«Azərbaycan və Gürcüstan arasında «Keşikçi dağ» kompleksi məsələsində heç bir problem yoxdur. Bu gün Azərbaycan Gürcüstanla sərhədin, o cümlədən sərhədin bu hissəsinin delimitasiyası və demarkasiyası üzrə iş aparır. Delimitasiya məsələsi adi prosesdir».
APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib.
Onun sözlərinə görə, «Keşikçi dağ» kompleksi məsələsi Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və Qriqol Vaşadzenin Çikaqoda NATO sammiti çərçivəsində keçirdikləri görüşdə müzakirə olunacaq.
Görüşdə nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələləri müzakirə edəcək.
Xatırladaq ki, daha öncə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bəyan etmişdi ki, təxminən 10 gün əvvəl Azərbaycan sərhədçiləri gürcü tərəfinə David Qareci (Keşikçi dağ) kompleksinin ərazisinə yalnız din xadimləri və sərhədçilərin daxil olmasına icazə veriləcəyini bildiriblər. «İndi bizim bütün səylərimiz məbədə girişin hamı üçün sərbəst olmasına yönəlib», deyə o əlavə edib.
Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını dair danışıqları davam etdirirlər. Bu günədək hökumətlərarası komissiyalar sərhədin 66%-ni razılaşdırıblar. Razılaşdırılmamış sərhəd hissəsinin 2% Keşikçi dağ kompleksinin (David Qareci monastırının) ərazisinə düşür.