"Orucluq başa çatdıqdan sonra Azərbaycan Müəllimlər İnstitutunda bütün tələbələr məktəb rəhbərliyi tərəfindən tərtib olunmuş eskizlərə uyğun geyim formaları ilə dərsə gələcək". Bu barədə APA-ya institutun rektoru Aqiyə Naxçıvanlı məlumat verib. Onun sözlərinə görə, tələbələrin hamısı ilə danışıqlar aparılıb və onlar razılıq veriblər.
"Biz bu məsələni axıra çatdıracağıq. Burada təkcə hicablı qızlar yox, açıq-saçıq geyinən qızlarla da bağlı iş aparılır. Burada başqa qızlar da var, əhd ediblər ki, Ramazan ayında oruc tutub başlarını bağlasınlar. Ona görə orucluq başa çatdıqdan sonra bu məsələyə bir də qayıdacağıq və birmənalı olaraq hamı bir formada olacaq".
A.Naxçıvanlı bildirib ki, ali məktəbin binasında qarderob var və tələbələr burada öz geyimlərini dəyişəcəklər. Dərsdən sonra isə onlar hicab geyinib-geyinməmək məsələsində azaddır: "Əgər onlara kənardan təsir etməsələr, tələbələr hamısı razılaşır. Biz vahid geyim yox, rəngarəng geyim tətbiq edirik. Burada abırlı geyimdən söhbət gedir. Göbəyi açıq, maykada və cins şalvarda dərsə gəlmək olmaz".