Türkiyənin Şırnak vilayətinin Uludərə mahalında baş verən və 34 vətəndaşın ölümü ilə nəticələnən bombardmanla əlaqədar bu günə qədər məlum olmayan yeni bir detal ortaya çıxıb. BElə ki, Uludərə hadisəsində ABŞ-ın da iştirak etdiyi aşkar edilib.
SalamNews-un "Hürriyet"ə istinadla verdiyi xəbərə görə, "Wall Street Journal"a müsahibə verən ABŞ Müdafiə Nazirliyi rəsmisi etiraf edib ki, bu mövzuda onların ötürdüyü kəşfiyyat məlumatlarından sonra Türkiyə tərəfi zəruri tədbirlər görmək qərarına gəlib. O, bildirib ki, sərhəddən qaçaq mazut daşıyan vətəndaşların təyyarələrlə vurulmasında, ABŞ tərəfindən ötürülən kəşfiyyat məlumatlarının təsiri olub. Qəzetə müsahibə verən və adı açıqlanmayan nümayəndə, sərhədi keçən vətəndaşların ABŞ pilotsuz təyyarəsinin aşkarladığı, bundan sonra Türkiyə tərəfinə məlumat verildiyini söyləyib: "Lakin nəticə etibarı ilə, bu ABŞ-ın deyil, Türklərin qərarı idi".
ABŞ-ın Ankaradakı səfiri Frensis Rikkardone "Wall Street Journal"da nəşr edilən xəbərlə bağlı şərh verməkdən çəkinib. Dənizli şəhərində mətbuat nümayəndələri ilə görüşən Rikkardone jurnalistlərin bu mövzu ilə əlaqədar sualına belə cavab verib: "Mən bura iki ölkə arasındakı ticarət sərmayəsinin inkişaf etdirilməsi üçün gəldim. Bu isə başqa bir mövzudur və məni maraqlandırmır".