Qədim gürcü freskaları və yazıları ilə zəngin olan David Qareci kilsəsi Gürcüstanın iri mədəni və dini mərkəzi olsa da, Azərbaycan rəsmiləri və tarixçiləri kilsənin azərbaycanlılarının əcdadları hesab edilən qədim albanlar tərəfindən tikilməsi faktını irəli sürürlər. Belə bir iddia ilə “Eurasianet.org” saytı çıxış edib.
“Son həftə ərzində sərhəd və kilsə Gürcüstan ilə Azərbaycan arasında mübahisə kontekstində hər iki ölkənin mətbuatının başlıqlarını zəbt edib. Müsəlman Azərbaycanı və xristian Gürcüstan Sovet İttifaqı və sonrakı dövrdə dost münasibətlər saxlamağa nail olsalar da, Azərbaycan sərhədçilərinin gürcü zəvvarları və rahiblərini David Qareci kilsəsinə buraxmaması rəsmi Tbilisini narahat etməyə başlayıb", - saytda bildirilir.
SalamNews-un “Eurasianet.org” saytına istinadən verdiyi xəbərə görə, oktyabr ayında keçiriləcək parlament seçkilər ərəfəsində gürcü siyasətçilər alovlu çıxışlar etməklə özlərini reklam etməyə çalışırlar. Gürcüstan hökuməti səbirli olmağa çağırsa da, eyni zamanda, Sovet İttifaqı dövründə sərhədlərin demarkasiyası zamanı kompleks ərazisinin 2 faizinin Azərbaycan ərazisində qaldığını etiraf edib.
Saytın yazdığına görə, bu bəyanat gürcü pravoslav kilsəsinin xüsusi hiddətinə səbəb olub. Bir sıra fəallar isə, David Qareci kompleksini qorumaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Vəziyyəti sabitləşdirməyə çalışan Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze tənqidçiləri sərhədlərin müəyyənləşdirilməsi üzrə 21 ildir davam edən danışıqlar prosesində uğura nail olmaq üçün diplomatlara imkan yaratmağa çağırıb. “Biz əminik ki, ... bu məsələ ənənəvi dost və mehriban qonşuluq münasibətləri çərçivəsində həllini tapacaq”, - Kalandadze deyib.