Kılıçdaroğlunun anası dəqiq ermənidir, o, bunu inkar etməklə anasını alçaldır.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu "Dersimli ermənilər" dərnəyinin sədri Miran Pirgiç bildirib. O, "Akit" qəzetinə verdiyi müsahibədə bildirib ki, Türkiyədə əsl şəxsiyyətini qoruyan çox sayda erməni var. Pirgiç "müsəlmanlaşmış erməni" kimi xarakterizə etdiyi bu vətəndaşları şəxsiyyətlərini inkar etməməyə çağırıb: "Şəxsiyyətini gizləyən ermənilər həmişə olub, lakin bu gün artıq qorxulu bir şey yoxdur".
BDP-də 15 il siyasətçi olaraq fəaliyyət göstərən Pirgiç, PKK terror təşkilatına da rəğbətlə yanaşır.
Dərnəklərinin 70 üzvü olduğunu söyləyən Pirgiç, "Türkiyədə müsəlmanlaşmış kimi görünən neçə erməni var" sualına belə cavab verib: "Bunu biz deyə bilmərik. İstəyirik ki, insanlar artıq bunu açıqlamaqdan çəkinməsin və ortaya çıxsınlar. Məsələn, Dersim əhalisinin 75%-i erməni mənşəlidir. Bunların bir qismi ələviləşib, bir qismi kürdləşib. Məqsədimiz Dersimdə yaşayan etnik mənşəli ermənilərin və erməni millətindən olduğunu bilənlərin şəxsiyyətlərini inkar etməmələrinə nail olmaqdır".
Pirgiç CHP-nin sədri Kamal Kılıçdaroğlu ilə əlaqədar də çox maraqlı iddialar irəli sürüb: "Anasının erməni olduğu dəqiqdir, bu bir həqiqətdir. Lakin Kamal Kılıçdaroğlu bunu rədd etməyi üstün tutur. Kürd olduğunu rədd etdiyi kimi. Halbuki, bunu Dersimdə hamı bilir. Kılıçdaroğlunun yaşadığı Nazımiye rayonu erməni məskənidir. Anasının adı Emoştur, Yemoş deyənlər də var. Kılıçdaroğlu bunları inkar etməklə anasını alçaldır".
Kılıçdaroğlu ilə anasının erməni mənşəli olduğunu çəkinmədən söyləməsi tələbi ilə onunla görüşüb-görüşməyəcəkləri sualını Pirgiç belə cavablandırıb: "Görüşməyə ehtiyac yoxdur. Çünki o, özünü inkar edir".