Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone martın 6-9-da Azərbaycanda rəsmi səfərdə olacaq. Bakı katolik kilsəsindən APA-ya verilən məlumata görə, dövlət katibinin prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşləri planlaşdırılıb.
Səfər çərçivəsində əsas tədbirlərdən biri Müqəddəs Məryəm katolik kilsəsinin rəsmi açılış mərasimi hesab olunur. Martın 7-da keçiriləcək mərasimə Azərbaycanın hökumət nümayəndələri, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, din xadimləri və xarici qonaqlar qatılacaq. Martın 8-də kardinal Bertone "Təzə Pir" məscidinə, pravoslav kafedral kilsəyə və sinaqoqa baş çəkəcək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşəcək. Martın 9-da kardinal Azərbaycanda yaşayan katoliklər üçün Müqəddəs Məryəm kilsəsində bazar ayini keçirəcək.