Əl-Əzhər şeyxi "Muhəmməd (s)" filmi ilə bağlı İran alimlərinə müraciət ünvanlayıb.
Misirli alim, Əl-Əzhər Universitetinin şeyxi Əhməd Əl-Təyyib İranda çəkilən "Muhəmməd (s)" filmi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. O, İslam alimlərinə, xüsusilə iranlı din alimlərinə müraciət edərək, filmlərdə Peyğəmbərin (s) üzünün təsvir olunmasını haram etmələrini xahiş edib.
SalamNews-un verdiyi xəbərə görə, şeyx "Əl-yaum Əs-sabə" qəzetinə verdiyi müsahibədə deyib:
"Peyğəmbərin (s) mübarək çöhrəsini təsvir etməklə karikatur çəkmək arasında heç bir fərq yoxdur, hətta məqsəd Peyğəmbərimizin (s) həyatını olduğu kimi göstərmək olsa belə. Ona görə də hesab edirəm ki, İslam alimləri, xüsusilə iranlı alimlər əgər deyilən xəbər düzdürsə, (Muhəmməd (s) filmində Peyğəmbərin çöhrəsinin təsvir olunması) buna ciddi etiraz edəcək və qarşısını alacaqlar. "
Rejissor Məcid Məcidinin çəkdiyi "Muhamməd (s)" filmi ətrafinda müxtəlif fikirlər yaranıb. İran rəsmilərinin dəfələrlə verdikləri bəyanatlara baxmayaraq, Səudiyyə Ərəbistanı mətbuatında adı çəkilən filmdə Peyğəmbərin üzünün təsvir olunacağı xəbəri yayılıb.
Qeyd edək ki, İran İslam Respublikası qanunlarına və alimlərin fətvasına əsasən, Peyğəmbərin üzünün təsvir edilməsi qadağandır.