Türkiyənin uzun müddətdir Suriyada əsir saxlanılan jurnalistləri geri qaytarmaq üçün həyata keçirdiyi danışıqlar müvəffəqiyyətlə nəticələnib.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, Suriyada əsir saxlanılan iki türk jurnalist - Adəm Özköse və Həmid Coşkun azadlığa buraxılıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verdiyi məlumatda bildirib ki, Suriyada itkin düşmüş jurnalistləri ölkələrinə gətirmək üçün Baş nazir Ərdoğanın təlimatı ilə İrana təyyarə göndəriləcək.
Əhməd Davudoğlunun, "Twitter" sosial şəbəkəsində yaydığı məlumatda deyilir:
"Sizə gözəl bir xəbərim var. Uzun müddətdir göstərdiyimiz səylər nəticəsini verib. İndicə İranın xarici işlər naziri cənab Salehi ilə danışdım, jurnalistlər Adəm Özköse və Həmid Coşkun hal-hazırda Tehrana yola düşüblər. Hörmətli baş nazirimizin təlimatı ilə onları vətənə gətirmək üçün İrana təyyarə göndəririk. Ailələrinin, sevənlərinin və xəbər gözləyənlərin gözü aydın olsun".