İran dinc məqsədlər üçün nüvə texnologiyalarından istifadə hüququna malikdir. Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Aqşin Mehdiyev bildirib.
SalamNews-un IRNA-ya istinadən verdiyi xəbərə görə, danışıqların aparılmasını İran nüvə proqramı ilə bağlı problemləri həll etmək üçün yeganə yol adlandıran Aqşin Mehdiyev deyib: ”Rəsmi Bakı əmindir ki, Qərb ilə İran arasında İslam Respublikasının nüvə proqramı məsələsi ilə bağlı qarşıdurmanı ancaq diplomatik yolla həll etmək olar. Biz hesab edirik ki, istənilən digər ölkə kimi, İran beynəlxalq hüquq normalarına uyğun olaraq, nüvə texnologiyalarından istifadə edə bilər. Bakı növbəti dəfə israr edir ki, Qərb və İran arasında qalan anlaşılmazlıqlar danışıqlar yolu ilə həll edilsin”.
Xatırladaq ki, İran və “altılıq” arasında danışıqların növbəti mərhələsi mayın 23-də Bagdadda keçiriləcək.